Bank “BTB” ASC-də Məsuliyyətli Kreditləşmə Siyasəti

1. Ümumi müddəalar

1.1 Bank “BTB” ASC-də (sonradan Bank) Məsuliyyətli Kreditləşmə Siyasəti (bundan sonra Siyasət) istehlakçıların həddən artıq borclanmasının qarşısının alınmasına yönəlmiş tədbirləri cəmləşdirərək məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir.
1.2. Bu Siyasət, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi məqsədilə müvafiq tədbirləri həyata keçirməyi tövsiyə edən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik”ə (bundan sonra - Rəhbərlik) əsasən hazırlanmışdır. Siyasətin məqsədi, Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı Bankın maliyyə sabitliyinin qorunub saxlanmasını, Banka olan ictimai etimadın yüksəldilməsini, habelə sağlam kredit portfelinin formalaşdırılmasını nəzərə almaqla, mövcud imkanlar və şərait çərçivəsində borcalanların maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə Bankın müştərilərinin həddən artıq borclanmasının qarşısının alınmasından, maliyyə savadlılığının və kredit mədəniyyətinin artırılmasından, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsindən, həmçinin gələcəkdə müştəri narazılığına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir.
1.3. Bu Siyasətin icrası ildə ən azı bir dəfə daxili audit departamenti tərəfindən yoxlanılmalı və yoxlamanın nəticələri barədə hesabat Bankın Müşahidə Şurası ilə müzakirə edilməlidir.
1.4.Məsuliyyətli kreditləşmə siyasəti aşağıdakıları əhatə edir:
1.4.1. maraqlar münaqişəsinin qarşısının alınması ;
1.4.2. kredit sifarişi ilə əlaqədar borcalandan məlumatın toplanılması və yoxlanılması;
1.4.3. borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
1.4.4. kreditin təyinata uyğunluğun qiymətləndirilməsi;
1.4.5. qiymətləndirmənin nəticəsinin borcalanlara açıqlanması;
1.4.6. müştəri məmnuniyyətinin təmin edilməsi
1.4.7. qeyri-məqbul halların qarşısının alınması.

2. Maraqlar münaqişəsinin qarşısının alınması

2.1. Bank kredit məhsulunun marketinqi, anderraytinqi və kreditə xidmət prosesində maraqlar münaqişəsinin qarşısının alınması məqsədi ilə daxili nəzarət sistemlərini daim nəzərdən keçirir. Müxtəlif funksiya və/və ya fəaliyyət növlərindən maraqlar münaqişəsinin yaranmaması üçün bu cür funksiya və/və ya fəaliyyət növlərinin müstəqilliyi təmin edir.
2.2. Bank işçilərin mükafatlandırılması məsuliyyətli kreditləşmə prisiplərindən kənarlaşmaların baş verməməsi üçün məsuliyyətli kreditləşmə və mükafatlandırma siyasətinə müvafiq müddəaların əlavə edilməsini təmin edir.

3. Kredit sifarişi ilə əlaqədar istehlakçıdan məlumatın toplanılması və yoxlanılması

3.1. Bank borcalandan istər şifahi, istərsə də müvafiq sorğu sənədlərinin doldurulması vasitəsilə kredit sifarişi ilə əlaqədar müvafiq məlumatları əldə edir. Sorğunun borcalan tərəfindən doldurulub və imzalandıqdan sonra Bank sorğuda göstərilmiş informasiyanın həqiqiliyinin yoxlanılması üçün bütün lazımi tədbirləri həyata keçirir.
3.2. Bank borcalanı natamam, yaxud düzgün olmayan məlumatların təqdim olunması nəticəsində ödəmə qabiliyyətinin və/və ya təyinata uyğunluğun düzgün qiymətləndirilməməsi və beləliklə də, həmin müştərinin həddən artıq borclana biləcəyi barədə məlumatlandırmalıdır.

4. Borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi

4.1. Hər bir kredit verilməzdən əvvəl borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir.
Ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi borcalanın ödəyə biləcəyindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər.
4.2. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG (Aylıq borc yükünün gəlirə nisbəti) əmsalından istifadə olunur. BYG əmsalı aşağıdakı düsturla hesablanır:

                       Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə
BYG əmsalı = ---------------------------------------------------------- X 100%.
                                           Borcalanın gəlirləri

4.3. BYG əmsalının hesablanması zamanı aşağıdakılar nəzərə alınır:
4.3.1. Aylıq borc yükü müəyyənləşdirilərkən ən azı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən alınmış məlumatlara əsasən fiziki şəxs olan borcalanın aylıq borc yükü nəzərə alınır ;
4.3.2. Borcalanın gəlirləri müəyyənləşdirilərkən aylıq gəlirlərində aylıq rəsmi gəlirləri və digər gəlirləri nəzərə alınır ;
4.3.3. Borcalanın gəlirlərini təsdiq edən sənədlərdə aylıq gəlir əvəzinə digər dövrü gəlirlər göstərildikdə həmin gəlirlər dövr ərzindəki ayların sayına bölünməklə aylıq gəlir hesablanır;
4.4. Hesablanmış BYG əmsalı borcalanın yeni kredit üzrə öhdəliklərini yerinə yetirməyə kifayət edəcək səviyyədə olduğu təqdirdə məqbul hesab olunur.
4.5. Ödəmə qabiliyyətinin müəyyən edilməsi borcalan barədə toplanmış və borcalan tərəfindən təqdim olunmuş məlumatların qiymətləndirməsi vasitəsilə həyata keçirilir. Məlumatın qiymətləndirilməsi borcalan barədə həm maliyyə vəziyyəti ilə, həm də maliyyə vəziyyəti ilə əlaqədar olmayan, lakin ödəmə qabiliyyətinə təsir edə bilən(biləcək) amillərinin ayrı-ayrılıqda və kompleks halda təhlilini nəzərdə tutur.
4.6. Borcalanın maliyyə vəziyyəti ilə bağlı amillər:
4.6.1. Gəlirin məbləği və mənbəyi
Gəlirin məbləği və mənbəyi - borcalanın müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, xərclər çıxıldıqdan sonra qalan gəlirlərini təsdiq edən vergi bəyannaməsi, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən istehlakçıya pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, istehlakçının mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş sabit aylıq gəlirləri.
4.6.2. Öhdəliklər və xərclər
Öhdəliklər və xərclərə ən azı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən (sonradan MKR) alınmış məlumatlara əsasən borcalanın ümumi və aylıq borc yükü aiddir.
4.7. Borcalanın maliyyə vəziyyəti ilə əlaqədar olmayan amillər:
4.7.1. Borcalanın şəxsi keyfiyyətləri – dürüstlük, etibarlılıq, məsuliyyətli yanaşma və s. göstəricilər;
4.7.2. Kredit tarixçəsi – MKR məlumatına əsasən əvvəllər bu və ya digər kredit təşkilatlarından əldə edilmiş kredit öhdəliklərin vaxtı-vaxtında və tam icra edilməsi;
4.7.3. Ailə vəziyyəti və öhdəliyində olan şəxslər;
4.7.4. Hal-hazırki yaşayış yeri və orada yaşama müddəti.
4.8. Qiymətləndirmə zamanı aşağıdakılar müəyyən olunarsa, borcalan ödəmə qabiliyyəti olmayan hesab edilir:
4.8.1. Borcalan girov (ipoteka), yaxud digər əmlakı satmadan kredit məhsulu üzrə öhdəliklərini icra edə bilmir;
4.8.2. Borcalan mövcud kredit məhsulu üzrə öhdəliklərini əlavə borc vəsaiti (kreditlər) cəlb etmədən icra edə bilmir;
4.8.3. Borcalan alınacaq kredit məhsulunun nəticəsi olaraq digər öhdəliklərini tam və ya lazımınca icra edə bilmir.
4.9. Qiymətləndirmə nəticəsində borcalan ödəmə qabiliyyəti olmayan hesab edilərsə kredit sifarişi təmin olunmaya bilər.

5. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi

5.1.Bank müvafiq olaraq toplanmış və yoxlanılmış məlumatlar əsasında kreditin təyinata uyğunluğunun qiymətləndiriməsini həyata keçirir.
5.2.Kredit məhsulunun təyinata uyğunluğu qiymətləndirilərkən Bank təqdim olunmuş məlumat əsasında təklif olunacaq kredit məhsulunun və onun şərtlərinin borcalanın ehtiyac və məqsədlərinə uyğunluğunu nəzərdən keçirir və sənədləşdirir.
5.3. Əgər qiymətləndirmə zamanı kreditin şərtləri müştərinin tələblərinə, məqsədlərinə və ehtiyaclarına cavab verməyəcəyi müəyyən olunursa kredit təyinata uyğun hesab edilmir. Bu zaman, mümkün olan hallarda səbəbləri izah edilməklə daha uyğun kredit növləri təklif olunur. Əks təqdirdə uyğunsuzluğu yaradan amillər, krediti götürməklə yarana biləcək mümkün risklər borcalana izah olunur və uyğunsuzluğun aradan qaldırılması üçün mümkün şəraitlər olduğu halda müvafiq istiqamət verilir.

6. Qiymətləndirmənin nəticəsinin borcalana açıqlanması

6.1. Qiymətləndirmənin nəticəsindən asılı olaraq kreditin rəsmiləşdirilməsinə dair müraciət ilə bağlı müsbət və ya mənfi qərar verilə bilər.
Bank, borcalanın düşünülmüş qərar qəbul etməsi məqsədilə, məlumatların açıqlanmasnıı və izahatların verilməsini kredit müqaviləsi imzalanmazdan əvvəl təmin edir.
6.2 Kredit mürəciəti ilə bağlı müsbət qərar verildikdə borcalan aşağıdakı məlumatlar verilir:
kredit müqaviləsi ilə müəyyən olunan hüquq və vəzifələr;
6.2.1. kredit üzrə faiz və komisyon haqqlar;
6.2.2. kredit öhdəliyinin vaxtında icra olunmasının üstünlükləri və vaxtında icra olunmayan öhdəliklərə görə nəzərdə tutulan sanksiyalar;
6.2.3. kreditin vaxtından əvvəl qaytarılması şərtləri və üstünlükləri;
6.2.4. əlavə xidmətlərə (əgər varsa) qoşulma imkanları, onlara görə komissiyaların məbləği və onlardan imtina etmə yolları.
6.3 Kredit müraciətinə mənfi qərar verildiyi təqdirdə borcalana imtinanın səbəbləri izah olunur və mümkün olduğu hallarda bu səbəblərin aradan qaldırılması üçün borcalanın ata biləcəyi addımlar barəsində məlumat verilir.
6.4 Kredit rəsmiləşdirilməsi üçün müraciət etmiş şəxslərə kredit verilməsindən imtina edildikdə, Bank sifarişi təqdim edən şəxsin müraciətini imtinanın səbəbini göstərməklə yazılı, şifahi və ya elektron formada cavablandırır.
6.5. Bank ödəmə qabiliyyəti və təyinata uyğunluğun qiymətləndirilməsinin nəticəsinin rəsmilləşdirilməsinə dair hesabatı ən azı 5 il saxlayır.

7. Müştəri məmnuniyyətinin təmin edilməsi

7.1 Bank müsbət iş tarixçəsinə malik olan məsuliyyətli borcalanın (müştərinin) krediti üzrə komisyon haqq və faiz dərəcəsini mümkün olan aşağı həddə təyin edə bilər.
7.2 Bank borcalanı gecikmə barədə gecikmə günündən etibarən müntəzəm olaraq müxtəlif əlaqə vasitələri ilə (SMS, telefon zəngi və s.) məlumatlandırır.
7.3 Bank borcalanın ehtiyacı olan məbləğdən daha yüksək məbləğ təklif etməkdən yayınır və müştəriyə onun maliyyə ehtiyaclarına ən uyğun olan məhsul və ya xidməti təklif edir.
7.4 Bank borcalana kredit borclarının ödənilməsi üçün geniş imkanlar yaradır. Bankın kreditləri MilliÖn terminallarından, eManat terminallarından və Bankın bütün xidmət şəbəkəsindən ödənilə bilər.
7.5 Bank kreditin ödənişi zamanı yaranan texniki problemlərə (səhv hesaba ödəniş, köçürülən vəsaitin vaxtında çatmaması və s.) çevik və həssas yanaşır, Banka məlumat daxil olduqdan sonra dərhal araşdırılır, mümkün maliyyə itkiləri və gecikmə günləri (əgər varsa) güzəşt edilərək kredit tarixçəsi bərpa edilir.
7.6 Bank müştərilərin bank sirri təşkil edən məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür və bank sirrinə təminat verir.

8. Qeyri-məqbul halların qarşısının alınması

8.1 Bank müştərilərdən daxil olan istənilən sual, təklif və şikayətləri Bankın korporativ saytı, sosial şəbəkə səhifəsi və Bankın Baş ofis və filiallarında yerləşən şikayət və təkliflər qutusu vasitəsilə qəbul edir.
8.2 Bank müştərilərin ödəniş terminalları, bankomatlar, digər texnoloji qurğular və internet banking xidmətindən istifadə zamanı informasiya təhlükəsizliyini bütün mümkün müasir vasitələrin imkanlarından istifadə edərək təmin edir.

Call Us Free!