PİN-kodu yadda saxlamaq lazımdır. Əgər yadda saxlamaq çətindirsə, onu kartdan başqa bir yerə qeyd edin.
PİN-kodun üçüncü şəxslərə məlum olmasından şübhələnirsinizsə, bankın bankomatlarından istifadə edərək kodu dəyişin.
Kartınızı istifadə üçün üçüncü şəxslərə verməyin. Kartdan yalnız onun üzərində adı və soyadı qeyd olunan şəxs istifadə edə bilər.
Kartınızı bankdan aldığınız zaman onu arxa tərəfindəki xüsusi yerdə imzalayın. Bu sizin razılığınız olmadan kartdan istifadə riskini azaldır.
Kartınızı mobil telefon, ofis və məişət texnikasının yanında saxlamayın.
Hər zaman bankın və ya “24/7 müştəri xidməti” ilə əlaqə nömrəsini yadınızda saxlayın.
Dələduzluq hallarının qarşısını almaq üçün kartınızdan nağd vəsaitin əldə edilməsinə görə gündəlik limit tətbiq edin və SMS-məlumatlandırma xidmətinə qoşulun.
Kartınız itdikdə və ya oğurlandıqda, mütləq qaydada dərhal banka və ya “24/7 müştəri xidməti”nə zəng edin və kartınızı bloklayın.
Bankomat vasitəsilə edilən əməliyyatlara dair tövsiyələr
Bankomat vasitəsilə əməliyyat etmək lazım olduqda, yalnız təhlükəsiz yerlərdə quraşdırılmış bankomatlardan istifadə edin (banklarda, idarələrdə, ticarət mərkəzlərində, metro stansiyalarında).
İstifadə etməzdən əvvəl bankomata nəzər salın. Onun üzərində əlavə avadanlıqlar olmamalıdır (PİN-kodu yığmaq üçün klaviatura normal vəziyyətdə olmalıdır, kartı daxil etmək üçün yerdə əlavə avadanlıq olmamalıdır). Bankomatla bağlı şübhəli vəziyyət yaranarsa, ondan istifadə etməyin və bu barədə banka məlumat verin.
Kartı bankomata daxil etmək üçün fiziki güc tətbiq etməyin. Əgər bankomat kartı qəbul etmirsə, həmin bankomatdan istifadə etmək üçün yenidən cəhd etməyin.
PİN-kodu daxil edərkən üçüncü şəxslərin onu görməsinə mane olun.
Bankomatdan istifadə zamanı mobil telefondan istifadə etməyin. Bu, bankomat sizə kartı və ya pulu verdiyi zaman fikrinizi yayındıra bilər. Belə olduqda bankomat kartı və ya pulu yenidən geri “udaraq” verməyəcək.
Alınan mal / göstərilən xidmətlərin dəyərinin nağdsız ödənişinə dair tövsiyələr
Kartla ödəniş etdiyiniz zaman əməliyyatın sizin iştirakınızla aparılmasını tələb edin.
Kartla ödəniş zamanı kassir POS-terminalda sizdən PİN-kodunuzu daxil etmənizi, qəbzi imzalamağınızı və şəxsiyyəti təsdiq edən sənədi tələb edə bilər. PİN-kodu daxil etdiyiniz zaman onu üçüncü şəxslərin görmədiyinə əmin olun.
Əgər ödəniş üzrə əməliyyat uğursuz bitərsə, qəbzi saxlayın. Bankdan alacağınız hesab üzrə çıxarışda həmin əməliyyat qeyd olunmayıbsa, qəbzi ləğv edə bilərsiniz.
İnternetdə kart vasitəsilə edilən ödənişlərə dair tövsiyələr
İnternet və ya telefon vasitəsilə əməliyyat etdiyiniz zaman PİN-koddan istifadə etməyin.
İnternet vasitəsilə şəxsi, kart və bank hesablarınız haqqında məlumatlarınızı bildirməyin.
Yalnız tanınmış saytlar vasitəsilə əməliyyat aparmaq lazımdır.
İnternetdə əməliyyat etmək üçün ayrıca kartdan istifadə etmək tövsiyə olunur.
Ödəniş edəcəyiniz saytların ünvanlarının düzgünlüyünə əmin olun, çünki oxşar ünvanlar vasitəsilə kartınızla qeyri-qanuni əməliyyatların aparılması labüddür.
Ödənişinizi şəxsi kompüteriniz vasitəsilə həyata keçirin. Əgər istifadə etdiyiniz kompüter sizə məxsus deyilsə, o zaman konfidensial məlumatları kompüterin yaddaşında saxlamayın və əməliyyat bitdikdən sonra məlumatların kompüterin yaddaşında qalmadığına əmin olun (yenidən ödəniş etdiyiniz sayta daxil olaraq əmin ola bilərsiniz).
Şəxsi kompüterinizə antivirus proqram təminatı yükləyin və onu mütəmadi olaraq yeniləyin. Bu sizin şəxsi məlumatlarınızı və kompüterinizi zərərli viruslardan qoruya bilər.