Son İstifadəçi Lisenziya Müqaviləsi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Son İstifadəçi Lisenziya Müqaviləsi

Son İstifadəçi Lisenziya Müqaviləsi

1. Ümumi müddəalar

1.1. Son İstifadəçi Lisenziya Müqaviləsi (“Müqavilə”) Sizinlə Bank arasında bağlanan müqavilədir. Müqavilə Bank tərəfindən təqdim olunan Tətbiqdən, habelə Veb Səhifədən istifadənizə dair Sizinlə Bank arasındakı münasibətləri tənzimləyir.

1.2. Bank ilə müştəri arasında rəsmiləşdirilmiş müqavilələr və mövcud  tariflər (“Standart Şərtlər”) müştərilərin Bankdakı hesablarından, habelə Bankın təqdim etdiyi digər bank xidmətlərindən istifadəni tənzimləyir. Standart Şərtlər bu Müqavilənin ayırılmaz tərkib hissəsidir. Standart Şərtlər bu Müqavilə ilə ziddiyət təşkil etdikdə, bu Müqavilə tətbiq edilir.

2. Müqavilədə istifadə olunan anlayışlar

2.1. Bank - “Bank BTB” Açıq Səhmdar Cəmiyyətidir;

2.2. İstifadəçi və ya Siz – BTB Mobile tətbiqində qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxsdir;

2.3. BTB Mobile - Banka gəlmədən, onlayn rejimdə hesabları idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən Tətbiq və/və ya Veb Səhifədir;

2.4. Tətbiq - obyekt və ilkin mətn kodları da daxil olmaqla, bütün mülkiyyət və əqli mülkiyyət hüquqları Banka malik olan “BTB Mobile” mobil tətbiqidir;

2.5. Veb Səhifə - Banka məxsus olan “BTB Mobile veb səhifəsidir.

3. Biz kimik?

3.1. Bank Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılan, həmin qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq bank fəaliyyəti ilə məşğul olan, əsas məqsədi mənfəət əldə etmək olan hüquqi şəxsdir.

3.2. Bankın tam adı və rekvizitləri aşağıdakı kimidir:
Tam adı: “Bank BTB” Açıq Səhmdar Cəmiyyəti;
VÖEN: 1302164881;
Ünvan: AZ1025, Bakı şəh., Xətai rayonu, Y. Səfərov küç., 27;
Lisenziya: 254 qeydiyyat nömrəli bank lisenziyası 2010-cı ildə verilmişdir;
Əlaqə vasitəsi: “946” Məlumat mərkəzi; ölkə xaricindən (+99412) 499-79-95; https://btb.az ;
Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə digər məlumatları buradan əldə edə bilərsiniz.

4. BTB Mobile-da qeydiyyat

4.1. İstifadəçi mobil cihazları vasitəsilə Tətbiqi yükləməklə, habelə digər elektron vasitələrdən istifadə edərək Veb səhifəyə daxil olmaqla, Bank tərəfindən müəyyən olunmuş prosedura uyğun BTB Mobile-da qeydiyyatdan keçə və elektron kabinet yarada bilər.

4.2. İstifadəçi ödəniş kartı ilə qeydiyyatdan keçərkən, yalnız özünə məxsus olan və Azərbaycan Respublikasında emissiya edilmiş ödəniş kartından istifadə edə bilər.

4.3. Bank Sizə, bu Müqaviləyə uyğun olaraq Tətbiqə və ya Veb Səhifəyə sahib olduğunuz, nəzarət etdiyiniz və ya istifadə etdiyiniz mobil cihazda və ya digər elektron qurğuda BTB Mobile-dan istifadə etmək üçün qeyri-müstəsna lisenziya verir. Bu lisenziyanın müddəti Sizin BTB Mobile-da qeydiyyatdan keçdiyiniz tarixdən başlayır və bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində davam edir.

5. BTB Mobile-dan istifadə, giriş icazələrinin alınması

5.1. İstifadəçi BTB Mobile vasitəsilə köçürmə, onlayn ödəmə, bank hesablarının və ödəniş kartlarının idarə edilməsi, virtual bank kartlarının yaradılması, internet bankçılıq, habelə Bankın təqdim etdiyi digər bank əməliyyatlarını həyata keçirə bilər. Əməliyyatların həyata keçirilməsi məqsədilə Bank aşağıdakı giriş icazələrini Sizdən tələb edə bilərik:

Kamera, lokasiya və digər funksiyalar üçün giriş icazəsi

Bank olaraq mobil cihazınızın bluetooth, lokasiya, düymə qoruyucusu, telefon vəziyyəti, sistem xəbərdarlığı pəncərəsi, təqvim, kamera, kontaktlar, mikrofon, bildirişlər, sensorlar, SMS mesajları, sosial media hesabları, kənar yaddaş və digər funksiyalarına giriş icazəsi tələb edə bilərik. Qeyd olunan giriş icazələrindən bəziləri aşağıdakı məqsədlər üçün tələb olunur:
Blutuz (Bluetooth) - BTB Mobile vasitəsilə NFC (near-field communication) funksiyasından istifadə etmək üçündür;
Lokasiya (Location) – İstifadəçinin yerləşdiyi yerin koordinatlarını müəyyən etmək, müvafiq yerə ən yaxın partnyor subyektlərini, habelə bank filialını və ya ATM-i tapmaq, həmin filialda onlayn növbə sistemindən yararlanmaq və digər bank xidmətlərini təqdim etmək üçündür;
Düymə qoruyucu (Keyguard) - PİN kodun və digər təhlükəsizlik məlumatlarının qorunması üçündür;
Telefon vəziyyəti (Phone state) - Mobil cihazın kiliddə olub-olmamasını müəyyən etmək üçündür;
Sistem xəbərdarlığı pəncərəsi (System alert window) - Skrinşot (screenshoot) funksiyasının aktivləşdirilməsi və ya söndürülməsi üçündür;
Kamera (Camera) – Kartların, QR kodun, şəxsiyyət vəsiqəsi və sair sənədlərin oxudulması, habelə QR kod vasitəsilə ödənişlərin edilməsi və digər əməliyyatlarn icrası üçündür;
Kontaktlar (Contacts) - Dosta köçürmə, qəbzin paylaşılması, mobil operatorların xidmətlərindən istifadə (balansın artırılması və s.), habelə üçüncü şəxslərə kodların və ya digər məlumatların köçürülməsi (ötürülməsi) üçündür.
Kənar yaddaş (External storage) - Ödənişlərdən sonra çeklərin saxlanılması və mobil cihazın qalereyasından QR şəkillərinin yüklənilməsi, habelə elektron kabinet üçün şəkilin seçilməsi üçündür;
Oyaq qal (Wake lock) - Cihazın kilidlənməmiş vəziyyətdə saxlanılması (açıq ekran) üçündür;
Bildirişlər (Push notifications) - Biz Sizə hesabınız və Tətbiq barədə bildirişlər göndərilməsi üçün müraciət edə bilərik. Əgər siz həmin bildirişləri qəbul etməkdən imtina etmək istəyirsinizsə, öz mobil cihazınızın parametrlər bölməsi vasitəsilə bildirişlərin qəbulu funksiyasını deaktiv edə bilərsiniz.

Digər saytlara keçidlər/bağlantılar

Bu xidmətdə digər saytlara keçidlər (bağlantılar) ola bilər. Siz üçüncü tərəfin keçidini klikləsəniz, həmin Sayta yönəldiləcəksiniz. Qeyd edək ki, bu kənar saytlar Bizim tərəfimizdən idarə olunmur. Buna görə də Sizə müvafiq veb saytların məxfilik siyasətlərini nəzərdən keçirməyinizi şiddətlə tövsiyə edirik. Üçüncü tərəflərin saytlarının və ya xidmətlərinin məzmunu, gizlilik qaydaları və ya tətbiqləri üzərində nəzarətimiz yoxdur və bununla bağlı baş verən hallara görə Bank olaraq məsuliyyət daşımırıq.

Marketinq rabitəsi və digər istifadəçilərlə qarşılıqlı əlavələr

Qanunvericiliklə icazə verilən qaydada, sizin razılığınızla sizin məlumatlarınızı (marketinq məqsədləri üçün) üçüncü şəxslərlə bölüşə bilərik. Bu barədə razılığınızı istədiyiniz zaman ləğv edə bilərsiniz. Əgər siz Tətbiqin digər istifadəçiləri ilə qarşılıqlı əlaqədə olsanız, həmin istifadəçilər sizin adınızı, profil şəklinizi, digər istifadəçilərə dəvətlər göndərməyinizi, digər istifadəçilərlə yazışmağınız, paylaşımları bəyənməyinizi, bloqları izləmək daxil olmaqla digər fəaliyyətinizin təsvirini görə bilərlər.

5.2. BTB Mobile-dan istifadəni optimallaşdırmaq və rahatlaşdırmaq məqsədilə, Biz Sizə aid barmaq izi və ya digər fərdi biometrik məlumatlarınızdan istifadə imkanı təklif edə bilərik.

5.3. Biz yuxarıda sadlanan giriş icazələrinin məqsədlərini və sayını dəyişdirə, habelə müxtəlif yarışmalar, hədiyyəli uduşlar, müsabiqələr və sorğular keçirmək məqsədilə də bu və ya digər başqa məlumatlara da giriş icazəsi tələb edə bilərik. Siz giriş icazənizi dəyişdirmək istəyirsinizsə, bunu mobil cihazınızın parametrlərində edə bilərsiniz. Parametləri dəyişdikdə, giriş icazəsini dayandırdıqda (ləğv etdikdə), Bankın təqdim etdiyi xidmətlərdən istifadə imkanından məhrum ola bilərsiniz.

6. İstifadəçinin hüquq və vəzifələri

6.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

6.1.1. Mobil cihazının və/və ya SİM-kartının itirilməsinin, oğurlanmasının və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxmasının, habelə üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görür;

6.1.2. Mobil cihazının və/və ya SİM-kartının itirilməsi, oğurlanması və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi zamanı dərhal Bankın “946” Məlumat mərkəzi və ya ölkə xaricindən Tel: (+99412) 499-79-95 telefon nömrəsinə zəng edərək məlumat verir;

6.1.3. İnternet/mobil bankçılıq xidmətlərindən Azərbaycan Respublikasının qanunlarına, bu Müqaviləyə, habelə Bankın müəyyən etdiyi və/və ya gələcəkdə müəyyən edəcəyi qaydalara (tələblərə) əsasən istifadə edir;

6.1.4. Bankın bu Müqaviləyə və/və ya internet/mobil bankçılıq siyasətinə birtərəfli qaydada dəyişikliklər edə bilməsi hüququnu qəbul edir. Dəyişikliklərin internet/mobil bankçılıqda, habelə BTB Mobile-da elektron kabinetdə yerləşdirildiyi gün İstifadəçi tərəfindən qəbul edildiyi gün sayılır.

6.2. İstifadəçinin aşağıdakı hüquqları vardır:

6.2.1. BTB Mobile-dan istifadə etməklə əməliyyatlar aparır;

6.2.2. BTB Mobile vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etirazı olduqda, Bankın “946” Məlumat mərkəzi vasitəsilə bildirir. Sorğu və ya etiraz müvafiq əməliyyatın həyata keçirildiyi gündən sonrakı 45 gün ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğu və ya etirazlara baxılmır və cavablandırılmır.

7. Sənədlərin və əməliyyatların hüquqi qüvvəsi

7.1. BTB Mobile vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər İstifadəçinin kağız daşıyıcıda olan şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir və BTB Mobile vasitəsilə əməliyyatların təsdiqi İstifadəçinin imzasının analoqu hesab edilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

7.2. Əməliyyatların aparılması, habelə əməliyyatlar üçün giriş icazələrinin alınması məqsədilə İstifadəçi tərəfindən müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi, barmaq izi və ya digər fərdi biometrik göstəricilərdən istifadə edilməsi İstifadəçiyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

7.3. İstifadəçi qəbul edir ki, BTB Mobile vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübut hesab olunur.

8. Təsdiq və bəyanatlar

8.1. İstifadəçi təsdiq və bəyan edir ki, BTB Mobile-da qeydiyyat və ya istifadə zamanı daxil etdiyi məlumatlar tam və düzgündür, habelə bütün məlumatlar şəxsən özünə məxsusdur. BTB Mobile vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsi, habelə ona məxsus olmayan məlumatın istifadə edilməsi ilə bağlı yarana biləcək risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

8.2. İstifadəçi BTB Mobile vasitəsilə əməliyyatların aparılması zamanı özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Bankdan asılı olmayan səbəblərdən həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.

8.3. Mobil cihazın və/və ya SİM-kartının itirilməsi, oğurlanması və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində sonuncuya dəymiş zərərə görə Bank məsuliyyət daşımır. Bu zaman Banka və ya üçüncü şəxslərə dəymiş zərərə görə İstifadəçi məsuliyyət daşıyır.

8.4. İnternet/mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və/və ya sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. Buna görə də, aparılacaq bütün əməliyyatların icrasından əvvəl İcraçı şərtlər və tariflərlə tanış olmalı və yalnız bütün şərtlər ona aydın olduqdan sonra əməliyyatı təsdiq etməldir.

8.5. İstifadəçi qeyri-qanuni, alçaldıcı, nalayiq və ya təhdidedici məqsədlər, dövriyyəsi qadağan edilmiş (məhdudlaşdırılmış) mal və xidmətlərdən istifadə, habelə idman mərc və qumar oyunları üzrə ödənişlər etmək üçün BTB Mobile-dan istifadə edə bilməz. İstifadəçi bu hallarla bağlı əməliyyatlara və onların nəticəsinə görə məsuliyyət daşıyır. Bu kimi əməliyyatların həyata keçirildiyini aşkarladığı halda, Bank BTB Mobile vasitəsilə aparılan əməliyyatları bloklaşdıra, BTB Mobile-dan istifadəni dayandıra, habelə əməliyyatların növünü, həcmini nəzərə almaqla müəyyən limitlər və ya məhdudiyyətlər tətbiq edə bilər.

8.6. Siz mövcud və ya ehtiyac olduğu halda, BTB Mobile üzrə hər hansı təhlükəsizlik yeniləməsi və ya proqram əlavəsinin quraşdırılmasına razılıq verirsiniz.

8.7. İstifadəçi aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər və/və ya xərclər üçün məsuliyyət daşıyır:
(i) BTB Mobile-dan qanunvericiliyə və ya bankdaxili qaydalara zidd istifadə;
(ii) İstifadəçinin təqdim etdiyi məlumatlara Bankın etibar etməsi;
(iii) Bu Müqavilənin müddəalarının, eləcə də üçüncü şəxslərin əqli mülkiyyət və ya digər hüquqlarının pozulması.

8.8. Bankın İstifadəçi ilə işgüzar münasibətlərinin xarakterindən asılı olaraq, habelə İstifadəçinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və ya terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə, Bank BTB Mobile vasitəsilə aparılan əməliyyatları bloklaşdıra, habelə əməliyyatların növünü, həcmini nəzərə almaqla müəyyən limitlər və ya məhdudiyyətlər tətbiq edə bilər.

8.9. Bank özünün tarif dərəcələrinə əsasən müvafiq xidmət haqqı və ya komissiya müqabilində həm bank xidmətləri göstərir, həm də əlaqəli sənədlər (o cümlədən öhdəliyin icrasını təsdiq edən sənədlər, arayışlar, çıxarışlar və s.) verir. Siz təsdiq edirsiniz ki, Bankın tarif dərəcələri ilə tanış olmuşsunuz və gələcəkdə də Bankın rəsmi internet ünvanından (www.btb.az) tanış olacaqsınız. Bankın tarif dərəcələri (tarifləri) Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

9. Zəmanətə dair şərtlər

9.1. Bank və ya istənilən proqram təminatçısı (Tətbiqin yüklənməsini təmin edən mobil telefon provayderi və ya istənilən vasitəçi) proqramla əlaqədar Sizin qarşınızda məsuliyyət və ya öhdəlik daşımır, habelə Tətbiq üçün hər hansı texniki və ya dəstək xidmətlərini təmin etmir.

9.2. BTB Mobile-da mövcud olan xidmətlər Bank tərəfindən təmin edilir.

9.3. Sizin mobil xidmət provayderiniz tərəfindən Tətbiqdən istifadə məqsədilə ödənişlər (rouminq ödənişləri daxil olmaqla) tətbiq edilə bilər. Bu ödənişlərə görə Bank məsuliyyət daşımır.

9.4. Siz mobil qurğu və ya əməliyyat sisteminin satıcısı tərəfindən dəstəklənən və ya zəmanət verilən konfiqurasiyalardan kənar modifikasiya olunmuş qurğuda və ya əməliyyat sistemində BTB Mobile-dan istifadə etməməlisiniz. Bura “kodu qırılmış” (jail-broken) və ya “dəyişdirilmiş” (rooted) qurğular da daxildir.

9.5. BTB Mobile-dan istifadənin keyfiyyəti və ya məqsədəuyğunluğu heç bir təsdiq, bəyanat, zəmanət, təminat və ya razılaşma olmadan təmin edilir. Bank BTB Mobile-a girişin maneəsiz olacağına, hər hansı yubanma, problem olmayacağına zəmanət vermir.

9.6. Bank heç bir virus və ya digər təhlükəli, məhvedici xüsusiyyətlərin ötürülməyəcəyi və ya BTB Mobile-dan istifadə edən zaman Sizin mobil qurğunuza heç bir ziyan dəyməyəcəyinə zəmanət vermir. Siz müvafiq mühafizə, habelə məlumatların ehtiyatda saxlanması, avadanlıq və kompüter virusları və ya digər məhvedici xüsusiyyətlərin yoxlanılması üzrə müvafiq tədbirlər görülməsi üçün məsuliyyət daşıyırsınız.

10. Əqli mülkiyyət hüquqları

10.1. “Bank BTB” və BTB Mobile Bankın əmtəə nişanlarıdır. Bu əmtəə nişanları və bütün digər əlaqəli nişanlar üzrə hüquqlar Banka məxsusdur. İstifadəçi Bankın əmtəə nişanlarından, loqo və ya brend adından fərdi, təşkilati və ya hər hansı kommersiya məqsədləri üçün istifadə edə və ya çoxalda bilməz.

10.2. Tətbiqdən istifadə, o cümlədən üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar İstifadəçi və ya üçüncü tərəfin iddiaları, məhsula görə cavabdehlik iddiaları, eləcə də hüquqi və ya tənzimləyici tələblərə əməl olunması və İstifadəçinin hüquqlarının qorunması barədə iddialar Banka yönləndirilməlidir.

10.3. BTB Mobile-a daxil olan səhifələr, görüntülər, məlumatlar və materiallar, habelə BTB Mobile tətbiqinin və ya onun hər hansı hissəsinin obyekt və ilkin mətn kodları da daxil olmaqla bütünlükdə müəlliflik hüquqları Banka məxsusdur və ya ona lisenziya verilmişdir.

10.4. İstifadəçi aşağıdakıları təmin etməlidir:
(i) BTB Mobile-ın tam və ya qismən surətini çıxarmamaq və ya çoxaltmamaq;
(ii) BTB Mobile-a və ya onun hər hansı hissəsinə tərsinə mühəndislik aparmamaq, dəyişiklik, modifikasiya etməmək və ya uyğunlaşdırmamaq;
(iii) BTB Mobile və ya onun hər hansı hissəsinin obyekt kodlarını ilkin mətn kodlarına və ya yüksək proqramlaşdırma dillərinə köçürməmək;
(iv) BTB Mobile və ya onun hər hansı hissəsinin obyekt kodlarını mənimsəməmək;
(v) BTB Mobile daxilində olan və ya ona aid hər hansı müəlliflik hüququ barədə bildirişi çıxarmamaq və ya müdaxilə etməmək (bütün sahiblik hüququ Banka məxsusdur).

11. Müqavilənin imzalanması, dəyişikliklər və xitam verilməsi

11.1. Bu Müqavilə Tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya Bankın texnoloji vasitələrindən istifadə edilməklə İstifadəçi tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və müddətsiz olaraq qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu Müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə və ya BTB Mobile vasitəsilə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) tətbiq olunur. Bank bu Müqaviləyə istənilən zaman birtərəfli qaydada dəyişiklik edə və ya xitam verə bilər.

11.2. Bank Müqaviləyə dəyişiklik barədə BTB Mobile vasitəsilə Sizə bildiriş təqdim edə bilər. Bu zaman Siz, həmin dəyişiklik qüvvəyə minməmişdən əvvəl BTB Mobile-dakı hesabınızı (qeydiyyatınızı) silməklə Müqaviləyə xitam verə bilərsiniz. Əgər Siz müvafiq bildiriş müddəti başa çatdıqdan sonra hesabınızı silməsəniz və/və ya BTB Mobile vasitəsilə əməliyyatlar etməyə davam etsəniz, bu zaman Bank hesab edir ki, Siz dəyişikliyi qəbul etmisiniz və müvafiq dəyişiklik avtomatik olaraq qüvvəyə minir.

11.3. Bank aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Müqaviləyə xitam verə bilər:
(i) Əgər İstifadəçi bu Müqavilənin və/və ya Standart Şərtlərin müddəalarını kobud surətdə və ya ardıcıl olaraq pozduqda;
(ii) İstifadəçinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və ya terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə və ya bu barədə Bankda əsaslı şübhələr olduqda;
(iii) BTB Mobile-dan üçüncü şəxslərin istifadə etməsi barədə Bankda əsaslı şübhələr olduqda;
(iv) Mobil cihazınız və ya əməliyyat sisteminiz Tətbiqi dəstəkləmədikdə, habelə mobil cihazınızın əməliyyat sisteminin istehsalçısı, istənilən tətbiqi proqram təminatçısı və ya digər vasitəçi tərəfindən geri qaytarıldıqda;
(v) Bank, bu Müqavilənin icrasını davam etdirməsinin qüvvədə olan qanunvericiliyin, məhkəmə qərarının və ya digər vəzifənin pozulması riski daşıdığını və ya Banka müvafiq dövlət orqanları (qurumları) tərəfindən tədbir və ya qadağa tətbiq olunacağını güman etdikdə;
(vi) İstifadəçinin Tətbiqi yükləmək hüququ yoxdursa və ya Tətbiqi yükləmək/istifadə etmək hüququ məhdudlaşmışdırsa;

11.4. Bank bu Müqavilənin 11.3-cü bəndindəki halların xarakterini nəzərə alaraq, bu Müqaviləyə xitam verdiyi barədə İstifadəçiyə SMS vasitəsilə, habelə elektron poçt və s. formada bildiriş verə bilər.

11.5. Siz mobil cihazınızda Tətbiqi sildikdə belə, gələcəkdə Tətbiqi yenidən yükləməklə şəxsi kabinetinizə daxil ola bilərsiniz. Qeydiyyatınızı ləğv etmək üçün Siz Banka yaxınlaşmalısınız. Bank gələcəkdə bu xidməti BTB Mobile vasitəsilə Sizə təqdim edə bilər. Qeydiyyat tərəfinizdən ləğv edildikdə, bu Müqavilə üzrə Bank qarşısında hər hansı öhdəliyiniz yoxdursa, bu Müqaviləyə xitam verilmiş hesab edilir.

11.6. Hər hansı səbəbdən bu Müqavilə ilə Sizə təmin olunan lisenziyaya və ya bu Müqaviləyə xitam verildikdə, bu Müqavilə ilə əldə etdiyiniz bütün hüquqlara xitam verilə və buna müvafiq olaraq, Sizin BTB Mobile qeydiyyatınız ləğv edilə bilər.

12. Məxfilik Siyasəti

12.1. Biz bilirik ki, Siz İstifadəçinin şəxsi və maliyyə məlumatlarının necə idarə olunması ilə maraqlanırsınız. Bank tərəfindən təmin edilən onlayn bank xidmətləri üzrə şərt və müddəalarda Bankın Sizin və başqaları barədə məlumatları toplaması, emal etməsi və paylaşması barədə müddəalar ola bilər (məsələn, Sizin ödəniş etdiyiniz və ya ödənişləri aldığınız insanlar). İstənilən belə müddəalar həmçinin Sizin Tətbiqdən istifadə zamanı toplanmış və emal edilmiş məlumatlara tətbiq olunacaqdır (bu zaman “Siz” termininə İstifadəçi, habelə İstifadəçi məlumatları əsasında BTB Mobile-dan istifadə edən üçüncü şəxslər də daxildir). Bu müddəaları məhdudlaşdırmadan Bank olaraq, Sizin təqdim etdiyiniz bütün məlumatların (şəxsi məlumatlar daxil olmaqla) konfidensiallığını qorumaq üçün tədbirlər görürük. Buna baxmayaraq, Sizin və ya üçüncü şəxslərin təqsiri ucbatından həmin məlumatların Siz və ya üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.

12.2. Bank olaraq anlayırıq ki, toplayacağımız müştərilərə aid barmaq izləri və digər biometrik fərdi məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır. Buna görə də, Biz toplanılan, saxlanılan və işlənilən fərdi məlumatların (həmçinin arxivləşdirilmiş fərdi məlumatların) konfidensiallığının qorunması, məlumat sızmalarının qarşısının alınması, yarana biləcək hər hansı fəlakət və məlumat sızmaları üzrə tədbir görürük.

12.3. Bank olaraq müştərilərə ən yaxşı bank xidmətləri və məhsullarını təqdim etmək üçün qanunvericiliyin yol verdiyi hədlərdə Sizə aid məxfi məlumatlardan istifadə edəcəyik. Biz məlumatları digər kredit təşkilatları, törəmə təşkilatlar, xidmət təminatçıları və ya agentlərinə ötürə bilərik. Bu zaman həmin şəxslərdən müvafiq konfidensiallıq və təhlükəsizlik standartlarını tətbiq etmələrinin tələb olunmasını təmin edəcəyik.

12.4. Biz məlumatları yalnız qanunvericilikdə icazə verildiyi və ya tələb olunduğu hallarda və həcmdə müvafiq icra hakimiyyəti və ya məhkəmə orqanlarına açıqlayacağıq.

12.5. İstifadəçilərə aid fərdi məlumatları aşağıdakı məqsədlərlə toplayırıq:
(i) BTB Mobile-da qeydiyyatdan keçməklə təqdim edilən funksionallıqlardan yararlanmaq;
(ii) BTB Mobile vasitəsilə təqdim olunan məhsulların çeşidlərini genişləndirmək;
(iii) Bank tərəfindən təqdim olunan xidmətlərin səmərəliliyini və effektivliyini ölçmək, bazar araşdırması aparmaq;
(iv) İstifadəçilərin BTB Mobile tətbiqində fəaliyyətlərinin statistikasını öyrənməklə müştəri məmnuniyyətini artırmaq.

12.6. Bank olaraq yuxarıdakıları məhdudlaşdırmadan, məlumatları Bankın adından fəaliyyət göstərməyə müvəkkil edilmiş bütün daxili və xarici agentlərə, törəmə təşkilatlara və aidiyyəti şəxslərə (subpodratçılar daxil olmaqla) aşağıdakı məqsədlər üçün açıqlaya və ötürə bilərik:
(i) İstifadəçiyə təqdim edilən bank xidmətlərinin keyfiyyətinin və sayının artırılması;
(ii) İstifadəçi ilə münasibətlərimizin inkişaf etdirilməsi, şəxsiyyətinin müəyyən edilməsi;
(iii) Cinayətlərin və kiberhücumların aşkar edilməsi və qarşısının alınması;
(iv) Məhkəmə və ya icra hakimiyyəti orqanları, o cümlədən Bankın daxili idarələrinin, yaxud ombudsmanın sorğu və ya tələblərinin yerinə yetirilməsi.

12.7. BTB Mobile-dan istifadə edərkən Siz yuxarıda təsvir olunan şəkildə məlumatların açıqlanması, emal edilməsi, saxlanması və ötürülməsinə razılıq vermiş hesab ediləcəksiniz.

12.8. Siz bu Müqaviləni imzalamaqla (təsdiq etməklə) razılıq verir və bəyan edirsiniz ki, Bank Sizə məxus fərdi məlumatların toplanması və işlənməsini həyata keçirə, habelə kredit tarixçənizin tərtib edilməsi üçün hər cür neqativ və pozitiv məlumatlarınızı kredit bürosu(ları)na təqdim edə və ya müvafiq məlumatları kredit bürosundan ala bilər.

13. Kukilər (cookies) və Kuki Siyasəti

13.1. Kuki – veb səhifələrə giriş etdiyiniz zaman kompüterinizin, mobil telefonunuzun və ya digər elektron cihazınızın yaddaşına yazılan, mətn və ya rəqəmlər formasında olan kiçik məlumatların saxlanıldığı fayldır. Bu faylda veb səhifələrə daxil olmağınız haqqında məlumat əks olunur. Beləliklə, Siz daha əvvəl giriş etdiyiniz veb səhifədən təkrar istifadə etdikdə, veb səhifə Sizin məlumatlarınızı xatırlayacaqdır. Buna görə də kukilər, veb səhifələri effektiv və daha asan istifadə edə bilməyiniz üçün zəruri və vacibdir.

13.2. Kukilər kompüter viruslarının və ya digər zərərli proqramların yayılmasına səbəb olmayan passiv fayllardır. İlk növbədə kukilər elektron cihazlarınızın identifikasiyasına imkan yaradır.

13.3. Bank olaraq Sizə daha səmərəli xidmət, məhsul və ya təkliflər təqdim edə bilməyimiz üçün müxtəlif növ kukilərdən istifadə edirik.

13.4. Bank tərəfindən istifadə olunan kukilərin bəziləri İstifadəçilərə aid fərdi məlumatların toplanmasına imkan verir. Bu məlumatlar hər bir kukinin funksiyasını düzgün yerinə yetirməsi üçün vacibdir. Müvafiq məlumatlar Bank, habelə onun törəmə təşkilatları və aidiyyəti şəxsləri tərəfindən istifadə oluna bilər.

13.5. Fərdi məlumatlarınızla bağlı sorğu təqdim etmək, onlara çıxış əldə etmək və dəyişiklik etmək hüququnuzdan yararlanmanız üçün Bankla əlaqə saxlaya bilərsiniz.

13.6. Siz razılıq veririsiniz ki, Veb Səhifədən istifadənizi asanlaşdırmaq üçün Bizim kukilər yaratmağımıza etiraz etmirsiniz. Siz Veb Səhifədə və ya istifadə etdiyiniz brauzerdə müvafiq tənzimləmə aparmaqla kuki fayllarını bloka sala və ya silə, həmçinin onların fəaliyyətini məhdudlaşdıra bilərsiniz. Bunu etmək üçün fərqli brauzerlərdə müəyyən hərəkətlər etməyiniz lazım ola bilər. Brauzerlər üçün təlimatlarla müvafiq brauzerin veb səhifəsi vasitəsilə tanış olmağınızı tövsiyə edirik.

13.7. Bildiririk ki, Siz kukilərin yaradılmasından imtina etməklə Veb Səhifəmizdən tam funksional şəkildə istifadə etmək imkanını itirə bilərsiniz. Bu hallara görə Bank olaraq hər hansı məsuliyyət daşımırıq. Siz bütün və ya bəzi kukiləri bloklasanız, veb səhifənin düzgün işləməməsi və ya bəzi hissələrinə daxil ola bilməyəcəyiniz bir vəziyyət yarana bilər.

13.8. Biz kuki siyasətinə, xüsusilə də qanunvericiliyin tələblərinə uyğun olaraq istənilən dəyişikliyi etmək hüququnu özümüzdə saxlayırıq.

14. Digər məsələlər

14.1. Siz bu Müqavilə, habelə Məxfilik Siyasəti və Kuki Siyasətinin şərtləri ilə razılaşırsınız.

14.2. Bu Müqavilənin (o cümlədən onun Əlavələrinin) hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud qanunvericiliyə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi bu Müqavilədən çıxarılmış hesab ediləcək və bu Müqavilənin digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır.

14.3. Tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri Tətbiq, habelə bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə SMS, ünvanlarına sifarişli məktub, elektron poçt ünvanı, teleqram və ya faks vasitəsilə göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər Tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrə və ya digər rekvizitlərində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq.

14.4. Bank bu Müqaviləyə əsasən hüquqların hamısını və ya bir hissəsini istənilən digər tərəfə ötürə bilər. İstifadəçi bu Müqavilə ilə əldə etdikləri hüquqları və öhdəliklərini yalnız Bankın yazılı razılığı ilə başqa şəxsə ötürə bilər.

15. Tətbiq olunan hüquq

15.1. Bu Müqavilə, onun pozulması və ya mülki pozuntu ilə əlaqədar olan və ya ondan irəli gələn bütün iddialar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.